Luqanskda separatçılar televiziya mərkəzini mühasirəyə alıb
Ukraynanın Luqansk vilayətində üsyançılar dövlət əhəmiyyətli binaları zəbt ediblər. İlk olaraq dövlət administrasiyasının binasına girən separatçılar binanın damından Rusiya bayrağı asıblar. Daha sonra Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin, prokurorluğun və televiziya mərkəzinin binasını mühasirəyə alıblar. Şahidlər onlara iki saat ərzində müqavimət göstərildiyini və küçələrdə partlayış səslərinin eşidildiyini deyir. Separatçılar Luqansk vilayəti üzrə Ukrayna Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəisinin istefa verdiyini bəyan edib. Bu arada milisin xüsusi bölməsinin və antiterror mərkəzinin əməkdaşları Slavaynaskda 2 blokpostu zərərsizləşdiriblər. Əməliyyat zamanı heç kəsin xəsarət almadığı bildirilir. Rusiya mətbuatı prezident Vladimir Putin və baş nazir Dmitri Medvedyevin mayın 9-da Krıma səfər edəcəyini yazır. Yarımadaya uçmazdan əvvəl prezidentin Moskvadakı "Qırmızı Meydan"da ənənəyə uyğun olaraq qələbə paradını qəbul edəcəyi deyilir.