Azərbaycanda qolf üzrə iki möhtəşəm yarış keçiriləcək
Bu il ilk dəfə olaraq, Azərbaycan Qolf Federasiyası Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan turniri keçirəcək. APA TV-nin xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında federasiyanın prezidenti Anar Məmmədov bildirib: "Heydər Əliyev adına Açıq Azərbaycan Turnirinin 6-8 iyun 2014-cü il tarixlərində 18 dəlikli Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur. Tədbirə dünyanın müxtəlif ölkələrindən 72 həvəskar qolfçu qatılacaq. Ölkə miqyasında belə yarışların keçirilməsi qolfun idmanın bir növü kimi daha da populyarlaşmasında əhəmiyyətli rol oynayacaq".
Anar Məmmədov qeyd edib ki, qolf Azərbaycanda yeni idman növü olduğundan yarışda ölkəmizi əsasən, əcnəbilər təmsil etsələr də, komandada yerli idmançılar da yer alacaq.
Azərbaycanda həm qadınlardan, həm də kişilərdən ibarət qolf komandası yaradılacaq. Hazırda Federasiyanın dəstəyi ilə xarici ölkələrdə 5 tələbə təhsil alır. Olimpiya Oyunlarına kimi tələbələrin sayının 50-yə çatdırılacağı nəzərdə tutulur: "Azərbaycan Qolf Federasiyasının məqsədi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakını təmin etməkdir. Qolf 2012-ci ildən Olimpiya Oyunları siyahısındadır və buna görə də Azərbaycan Qolf Federasiyası yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır. Bu işə Azərbaycana xaricdən gələn mütəxəssislər yardım edəcək".
Anar Məmmədov bildirib ki, 2012-ci ildə təsis edilən Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilir. Gələcəkdə tədrisin region məktəblərində də aparılması nəzərdə tutulur.