Bir günlük əsgər oldular - İLK DƏFƏ
"Azərbaycanda ilk dəfə olaraq Müdafiə Nazirliyi tərəfindən sağlamlıq imkanı məhdud olan gənclər üçün simvolik hərbi xidmət təşkil olunub. 30 gənc hərbi forma geyinərək bir neçə saatlıq əsgər olub. Hazırda onlar andiçmə mərasmini yerinə yetirirlər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayonunda yerləşən Reabilitasiya Mərkəzində ölkənin 20 rayonundan toplanmış sağlamlıq imkanı məhdud olan gənclərə hərbi forma geyindirilib. Hərbi marşın sədaları altında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə (TTM) gətirilən gənclər silaha əl basaraq rəmzi olaraq hərbi andı qəbul ediblər.
Fiziki qüsurlu olsalar da hərbi formanı əyinlərinə şərəflə geyinib, bir günlük əsgər olmaları ilə qürurlandılar. Sağlamlıqları imkan versəydi, Vətənin keşiyini çəkməyə hər an hazır olduqlarını bildirdilər.
Andiçmə mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani dünyanın müxtəlif ölkələrində əlil uşaqların bir günlük simvolik hərbi xidmət keçməsi təcrübəsinin mövcud olduğunu və Azərbaycanda da bunun ilk dəfə tətbiq olunduğunu bildirib.
Andiçmə mərasimindən sonra əsgərlər TTM-in atəş mərkəzində müxtəlif silahlardan atəş açıblar.
Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edən gənclər həmçinin TTM-in tədris siniflərində olub, burda zirehli texnikalar, radiotexniki qoşunların dərs məşğələlərində iştirak ediblər. Tank və piyadaların döyüş maşınlarının məşq qurğularında isə onlar zirehli texnikaları praktik olaraq idarə ediblər.
Bir günlük əsgər həyatı yaşayan gənclərə rəmzi hərbi bilet və hədiyyələr təqdim olunub.