Tovuzda ağır avtoqəza: 21 yaşlı gənc öldü
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz rayon Qovlar şəhəri ərazisində baş verib. Qovlar şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rzayevin idarə etdiyi “KİA” makalı avtomobillə, Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Gülnarə Mehdiyevanın idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Zərbənin gücündən “KİA” markalı avtomobil bir neçə dəfə dövrə vuraraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində "KİA"da olan 2 sərnişin və sürücü, "VAZ 2107" markalı avtomobildə olan 2 sərnişin xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan, "KİA"nın sərnişini 21 yaşlı Kamran Yadigarov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.