Gəncədə iki yaşlı uşaq maşının altında qalıb
Gəncə şəhərində evdən xəbərsiz küçəyə çıxan 2 yaşlı uşağı maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Zərrabi küçəsində baş verib. Evdən xəbərsiz küçəyə çıxan, 2012-ci il təvəllüdlü Ömər Qalib oğlu Əliyev yolla hərəkət edən, 31 yaşlı Bəhruz Quliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahı Şahin Quliyev bildirib ki, xəstə ağır vəziyyətdə kəllə-beyin travması və sol gicgah nahiyəsinin əzilmiş çapılmış yarası ilə qohumlarının müşayəti ilə gətirilib. Xəstə huşsuz vəziyyətdə olub. Xəstənin yaraları birincili işlənib, şöbədə yerləşdirilib. Müvafiq tədbirlərdən sonra xəstədə yaxşılaşma qeyd olunmadığı üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.