Gəncədə sakinlərlə Qaz İstismar İdarəsi arasında gərginlik yaranıb


Gəncədə qaz abunəçilərinin bir hissəsi qaz sayğaclarının kartlarına pul yükləyə bilmir. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, sakinlər kartlarını pul yükləyən terminallara yaxınlaşdıranda yükləmə prosesinin alınmaması barədə xəbərdarlıq alırlar. Gəncə Qaz İstismarı Sahəsinə gələrək kartlarını yoxlatdıran abunələr müxtəlif məbləğdə debitor borclarının olması barədə bildirişlər alırlar.

"Deyir ki, 544 manat borcunuz var. Bəs bu sayğac qoyulanda bu kartı mənə vermədiniz? Eyni zamanda evə qaz buraxmadınız? Əgər 544 manat borcum varsa, hansısa bir akt tərtib olunmalı və ora qol çəkilməlidir. Bəs niyə qol çəkilmədi? 5 ildir bu kartı işlədirik. 5 ildən sonra gəlirlər ki, sizin borcunuz var".

Gəncə sakinləri qaz istehlakına görə borcların süni şəkildə yaradıldığını iddia edirlər.

"Mən evi alandan orada sayğac olub. Sayğacla işləmişik. 3 dəfə sayğacımızı dəyişdiriblər. Hər dəyişəndə də deyiblər, borcun var. Gətirib bir dəfə 80 manat, bir dəfə də 70 manat ödəmişəm. Bu kağızı mənə veriblər ki, borcun qurtarıb. İndi də gedib karta pul yükləmək istəyirəm, yüklənmir. İdarə deyir ki, yenə 240 manat borcunuz var".

Gəncə şəhər Qaz İstismarı Sahəsinin Satış Şöbəsinin müdiri Hüseyn Şirinov bildirib ki, 2009-cu ildə şəhərdə elektron qaz sayğacları qurulanda 20 mindən artıq abunəçinin mexaniki sayğaclarından 1 milyon 600 min manat borcu qalıb. Hüseyn Şirinov o borcların 5 ildən sonra abunəçilərdən alınması qərarına gəlindiyini bildirib. Müsahib borcla bağlı sakinlərə mütəmadi məlumat verildiyini desə də, şəhər sakinləri Qaz İstismar Sahəsinin borc iddiaları ilə razılaşmırlar. Sakinlər bildirir ki, 2009-cu ildə elektron qaz sayğacları qurulanda bütün debitor borclar onlara ödədilib və sonra sayğacın kartları verilib. Hətta ötən 5 il ərzində vətəndaşların elektron tipli sayğacları bir dəfə dəyişdirilsə də, onlara borcları barədə heç bir məlumat verilməyib. Hazırda Gəncə şəhər Qaz İstismarı Sahəsi abunəçilərin borclu olmadıqlarını sübut etmək üçün onlardan 2009-cu ilə kimi olan qəbzləri tələb edir. Lakin hər bir prosesin elektronlaşdığını düşünən sakinlər həmin illərin qəbzlərini saxlamayıblar.

Hazırda borc məsələsindən şikayət edən abunəçilərin sayı az olsa da, yaxın bir ay ərzində bu sayın 20 minə çatacağı gözlənilir. Abunəçilər artıq bununla bağlı aidiyyəti qurumlara şikayət etməyə hazırlaşırlar. Gəncədə ümumilikdə 70 mindən artıq qaz abonenti var.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli