Ağsu aşırımında yolun təmiri nə üçün gecikir?
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işlərinin ləngiməsinə səbəb Ağsu aşırımında baş verən sürüşmələr olub. Yolun bərpası ilə bağlı hazırlanan layihələr bir neçə dəfə dəyişdirilib. Bunu APA TV-yə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bildirib.
"Orada çoxlu maneələr çıxdı. Mütəxəssislərin verdiyi layihələr barədə razılığa gəlinmədiyi üçün bir neçə dəfə dəyişdirildi. Ərazidə yenidən ekspertizalar aparıldı. Suvayların vurulması ilə əlaqədar orada gecikmələr yarandı. Podratçı təşkilat yubandı, yubanmaq isə iqtisadi cəhətdən zərərə səbəb oldu".
Vaqif Hacıyev deyib ki, sözü gedən avtomobil yolunun Ağsu dolayı və Ağsu rayonuna düşən hissəsi istisna olmaqla ümumi uzunluğu 115,5 kilometr, yolun torpaq yatağının eni isə 12,5 metrdir. Hazırda magistral yolun üzərində 6 körpünün olması nəzərdə tutulur ki, bunlardan da beşi sökülərək yerində yenisi tikiləcək, bir körpünün isə tam təmir ediləcəyi planlaşdırılır. Körpülərdən birinin tikintisi artıq başa çatıb, digər 3 körpüdə isə dayaqlar hazırdır. Yol boyu 260 ədəd müxtəlif diametrli suötürücü borular var ki, onun 210-u artıq tikilib. Bununla yanaşı yolda 7 ədəd dairəvi yol kəsişməsinin olması nəzərdə tutulur.
"Azəryolservis" ASC-nin rəsmisi yolun 5 ay müddətində yenidən istifadəyə veriləcəyini bildirib.