Dövlət Gömrük Komitəsinin sədri: ““Avro-4”dən sonra Azərbaycana gətirilən avtomobillərin sayı azalıb”

““Avro-4” ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. O cümlədən avtomobillərin metal konstruksiyalarında və qara metal məhsullarının idxalında da azalma müşahidə olunmaqdadır. Bu məsələ ilə bağlı Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma baş verib".

 

Bu fikirləri Xəzər Avropa Klubunun qonağı olan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Bununla belə, bazarın tənzimləndiyini deyən komitə sədri “Avro-4” standartının tətbiqi ilə bağlı yaranan söhbətlərdən təəssüfləndiyini də dilə gətirib.

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri

“Bəziləri belə hesab edirlər ki, avtomobil yenidirsə, bu standarta da cavab verməlidir. Bu da düzgün yanaşma deyil. Biz gömrük-keçid məntəqələrində həm avtomobillərin kütləvi gətirilməsi, həm də fərdi qaydada idxal zamanı Standartlaşdırma, Metrologiya və Patent üzər Dövlət Komitəsi və Gömrük-Ekspertiza Xidməti ilə birlikdə yoxlama həyata keçiririk. Keçirilən baxış zamanı avtomobillərdə bu standartların mövcudluğunu araşdırırıq və tələblərə cavab verən avtomobillər ölkə ərazisinə buraxılır”.

Aydın Əliyev bildirib ki, Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük rəsmiləşdirilməsinin müddəti üç dəfə azaldılacaq.

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri

"Bu iş dövlət başçısının sahibkarlığın inkişafına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq həyata keçirilir və belə ən mühüm yeniliklərdən biri gömrük rəsmiləşdirməsinin vaxtının azaldılması haqqında təklifdir. Məlum olduğu kimi, bu, hazırda 72 saat təşkil edir və biz onun 24 saatadək azaldılmasını təklif edirik".
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı