Bakıda taekvondo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Bakıda taekvondo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Ço, Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos, Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti, Kamaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimi yarışda iştirak edən ölkələrin bayraqlarının və nümayəndələrinin zala dəvət olunması ilə başlayıb.

Mərasimdə çıxış edən federasiya prezidenti Kəmaləddin Heydərov bildirib ki, Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycan idmanənda hiss olunan inkişaf və yüksəliş baş verib.

"Dahi liderin mütərəqqi idman siyasətini davam və inkişaf etdirən Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü qayğısı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmiş və Azərbaycan idman ölkəsi kimi şöhrət qazanmışdır".

Yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın bu növünün sevilməsindən danışan Atanasios Praqalos və Ümumdünya Taekvando Federasiyasının rəhbəri Çunqvon Ço yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Azərbaycan 2015-ci ilin Avropa Oyunlarına xüsusi hazırlaşdığını deyən qonaqlar ölkənin bu vəzifənin də öhdəsindən uğurla gələcəyinə əminliyini vurğulayıblar.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirib.

Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos Kəmaləddin Heydərova və Azad Rəhimova xatirə hədiyyələri təqdim edib.

Tədbir bədii hissə ilə davam etdirilib.
 
 

Müəllif | Apa.Tv