Azərbaycanda sürətli yol çəkilir
Ələt-Astara-İran Dövlət Sərhədi avtomobil yolunun Bakı-Astara hissəsinin yeni variantı tikilir. Ələtdən Astaraya qədər uzunluğu təxminən 200 kilometrə yaxın olan yol sürətli və ancaq tranzit yüklərin daşınması üçün nəzərdə tutulub. Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev bildirib. Onun sözlərinə görə, yeni yol mövcud yoldan əlavə olacaq və yaşayış məntəqələrindən kənarda salınacaq. Vaqif Hacıyev deyib ki, tranzit yükləri - yəni ağır tonnajlı maşınları əsas yoldan çıxarmaq mümkün olsa, o zaman köhnə yol insanların xidmətində daha yararlı qalacaq. Layihə reallaşdıqdan sonra Masallıdan Lənkərana gedənlər təzə yola çıxmayaraq köhnə yolla gedəcəklər. Yol tikintisinin bahalı sahə olduğunu deyən sədr müavini onu da bildirib ki, bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq yolun 50 faizdən artığında iş gedir, qalan hissələrdə də tikinti davam etdirilir.
"Orada yol tikintisi zamanı körpülər köçürüləcək. Eyni zamanda yolun tikilməsi nəzərdə tutulan ərazidə torpaqların kompensasiya verilməklə əhalidən alınması uzun bir proses çəkir. Digər bir vaxt aparan məsələ də həmin yol zolaqlarında kommunikasiya xətlərinin köçürülməsidir. Bütün bu işlər tam başa çatdıqdan sonra nəzərdə tutulan 60 metrlik yolun çəkilişinə başlanılır".
Çəkilən yolun üstünlüklərindən danışan Vaqif Hacıyev deyir ki, artıq tender elan edilib və müəyyən vəsait də ayrılıb. Qeyd edək ki, Ələt-Astara-İran Dövlət Sərhədi avtomobil yolunun qarşıdakı üç ildə istifadəyə verilməsi planlaşdırılır.