Paytaxtda qanunsuz dayanacaqlar yığışdırılıbmı?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səki və maşın yollarında, parkların girişində və metroların qarşısında qanunsuz maşın dayanacaqlarının aradan qaldırılması ilə bağlı imzaladığı sərəncamdan bir müddət ötsə də, hələ də avtomobillər səkilərdə və ya yol kənarlarında saxlanılır. Bunun nəticəsi həm piyadalar, həm də sürücülər üçün çətinlik yaradır. Belə dayanacaqlar əsasən yolun daralmasına və nəticədə avtomobillərin istiqamət xətti üzrə hərəkətinin çətinləşməsinə səbəb olur. Eyni mənzərəyə hər gün paytaxtın istənilən küçəsində rast gəlmək olar. Mərkəzi prospekt və küçələrdə isə vəziyyət daha da acınacaqlıdır.

 

"Bura paytaxtın şimal qapısı - yəni Xırdalandan Bakı istiqamətində gələn əsas magistral yolun "Şamaxinka" adlanan hissəsidir. Yollarda tıxac var dedikdə insanın ağlına gələn ilk yol da məhz bura olur. Apardığımız müşahidələr zamanı məlum oldu ki, sürücülərin və sərnişinlərin hər gün saatlarla tıxacda qalmasına 3 əsas səbəb var ki, bunlardan da birincisi avtobusların dayanacaqda deyil, bir qədər kənarda və ya yolun ikinci xəttində saxlamasıdır. Digər səbəblər isə avtomobillərin yol kənarlarında qanunsuz park edilməsi və piyadaların yol keçidlərindən düzgün istifadə etməməsidir".

 

Günorta saatları olmasına baxmayaraq 20 yanvar dairəsində də sıxlıq müşahidə olunurdu. Hərəkətdə olan avtomobillərdən daha çox, yol kənarında hərəkətsiz dayanıb müştərilərinin yolunu gözləyən taksilər gözə dəyirdi. Taksi sürücüləri ilə apardığımız söhbət zamanı məlum oldu ki, sən demə sürücülərin əksəriyyəti yol hərəkət qaydalarından xəbərsizdilər. Daha dəqiq desək avtomobili harada düzgün parkinq etməyi bilmirlər. Onların bəziləri hətta bunu ilk dəfə bizdən öyrəndilər. Bir müddət öncə paytaxtın Nərimanov rayonu ərazisində "Yaşıl Bazar"ın qarşısında apardığımız çəkiliş zamanı hər 20 metrdən bir avtomobillərə yol göstərən şəxslərin fəaliyyət göstərdiyinin şahidi olmuşduq. Lakin bu dəfə sözü gedən ərazidə yol kənarlarında saxlanılan avtomobillər ətrafında belə şəxslərə rast gəlmədik. Sərəncamdakı bəzi məqamların icrası geciksə də, ümumilikdə göstərişin icrasına artıq başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev isə deyir ki, paytaxt küçələrində quraşdırılması nəzərdə tutulan yeni parkmanat qurğuları həm küçələrdə qanunsuz parkinqin qarşısını alacaq, həm də tıxac probleminin həllinə yardımçı olacaq. İdarə rəsmisi deyir ki, sözü gedən qurğular bir növ yerüstü dayanacaqları əvəz edəcək.

"Həmin parkmanat vasitəsi ilə sürücülər pul ödəyəcək. Təxminən 1 saat ərzində avtomobillərini saxlayıb rahat hərəkət edə biləcəklər. Lakin burda bir əsas şərt var ki, həmin parkmanatlarda avtomobilləri iki cərgə yolda deyil, yolun tək bir cərgəsində saxlamasını təmin edəcək. Bu zaman artıq o yolda tıxac müşahidə olunmayacaq".

Yeni sistemin sürücülərə hansı məbləğə başa gələcəyinə münasibət bildirən Həsən Abdullayev deyir ki, sistem işə düşdükdən sonra məbləği Tarif Şurası müəyyən edəcək. Ümumilikdə həmin məbləğin hazırda mövcud olan yerüstü və ya yeraltı dayanacaqlardakı qiymətlərdən heç də az olmayacağı bildirilir.
"Biz paytaxtda tıxaclara qarşı işlər aparırıq. Əgər həmin dayanacaqda saxlanılan maşın orda 5-8 saat saxlayacaqsa onda həmin dayanacağın digərlərindən nə fərqi oldu ki? Ora müvəqqətidir. Qiymətlər digər dayanacaqlardakından fərqli olmayacaq. Çünki bu Tarif Şurası tərəfindən veriləcək bir qərar olacaq. Paytaxtın mərkəzi yerlərində kifayət qədər yeraltı və yerüstü dayanacaqlar var. Kimsə avtomobilini uzun müddətli saxlamaq istəsə ora müraciət edə bilər. Bizim əsas məqsədimiz paytaxtın tıxac problemini aradan qaldırmaq və şəhərdə sıxlığın qarşısını almaqdır".

Qurum rəsmisindən onu da öyrəndik ki, mərkəzi küçələrdə avtomobillərin yol kənarlarında saxlanılmasının qadağan edilməsindən sonra yardımçı yollar bütünlüklə avtomobil dayanacağına çevrilib. Bu isə piyadaların ciddi narazılığına səbəb olub. Bütün bunların qarşısını almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi və Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı ilə xüsusi reydlər keçiriləcək. Belə yollarda avtomobil saxlayanlar qanuna müvafiq cəzalandırılacaqlar. Artıq bununla bağlı xüsusi xəbərdaredici elanlar verilib.
 

Müəllif | Apa.Tv