Baş Prokurorluqdan “Ayna-Zerkalo”nun redaksiyasında aparılan axtarışa münasibət!
“Ayna-Zerkalo” qəzetinin redaksiyasından əhəmiyyət kəsb edən sənədlər və əşyalar maddi sübut kimi götürülüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarı əsasında qəzetin redaksiyasında axtarış aparılaraq oradan iş üçün əhəmiyyət kəsb edən sənədlər və əşyalar müvafiq qaydada maddi sübut kimi götürülüb.
Xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyünü deyib. Elçin Şıxlı axtarışın qəzetin dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən əməkdaşı Rauf Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib. Qeyd edək ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.