APA TV Qarsda - proqram, reportaj və müsahibələr - ANONS
Türkiyədə Azərbaycan musiqisi, mədəniyyəti, ədəbiyyatı və tarixinin qorunub saxlandığı və təbliğ olunduğu vilayətlər sırasında Qars birinci sırada gəlir. APA TV-nin çəkiliş qrupu bu məqsədlə Türkiyənin Qars vilayətinə səfər edib. Səfərdə məqsəd bölgənin tarixi, mədəniyyəti, Türkiyənin ictimai-siyasi həyatında bugünkü yeri, azərbaycanlıların Qars tarixində oynadığı rola dair reportaj, müsahibə və proqramlar hazırlamaq olub. Qarslı musiqiçi Çətin Adıgözəlin Azərbaycan musiqisi və ədəbiyyatı ilə bağlı maraqlı fikirləri, “Sarı gəlin” mahnısının tarixinə, azərbaycanlıların Atatürkə yazdığı ilk mahnıya dair açıqladığı faktlar tamaşaçıların marağına səbəb olacaq. Qars Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Göksəl Qayğısızla hazırlanan “Panoram” proqramında Qarsda azərbaycanlıların və bugünədək yaşadılan Azərbaycan mədəniyyətinin yeri və rolu mövzusu geniş təhlil olunub. Tarixçi, tədqiqatçı Vedat Akçayözün Türkiyənin tanınmış azərbaycanlıları, Qars tarixində azərbaycanlıların oynadığı rol, Hacı Abbasoğlu Kərbalayı Mehmet, Cahangiroğlu İbrahim Aydın haqqında söhbətlərini dinləməyə dəyər. Qars valisi Eyüp Tepe və Qarsın azərbaycanlı bələdiyyə başqanı Mürtəza Qaraçanta ilə söhbətlər tamaşaçılara ayrı zövq yaşadacaq. Ermənistanın Amasiya rayonunun Oxçoğlu kəndindən 12 yaşında ikən Türkiyəyə qaçmış son azərbaycanlı Allahverdi Güvənin söhbətləri, babası Gəncədən Türkiyəyə köç edərək bölgənin ən gözəl kəndlərindən birini salmış Əhəd Qaradağın həyat hekayələri APA TV tərəfindən sənədli film formatında tamaşaçılara təqdim olunur. APA TV-ni izləməyi unutmayın!