Kanalizasiya quyusu üzərində saxlanan və sonra əhaliyə satılan yuxalar - ŞOK
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə üzrə dövlət nəzarəti xidmətinin Sumqayıt ərazi idarəsinin əməkdaşları çörək bişirmə və şirniyyat sexində, reyd keçirib. Qalmaqallı keçən reyd zamanı tük ürpədici faktlar ortaya çıxıb.
Kanalizasiya quyusunun üstündə qalaq-qalaq yığılıb, daha sonra sakinlərə satılan yuxalar. Bu tük ürpədici görüntülər Sumqayıt şəhərində qeydə alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə üzrə dövlət nəzarəti xidmətinin Sumqayıt ərazi idarəsinin əməkdaşları ilk öncə Fariz Adıgözəlova məxsus “Naxçıvan lavaşı” adı altında çörək bişirmə sexinə baxış keçirilib. Reyd zamanı müəssisənin qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərdiyi, çörəkbişirmə sexində gigiyena və sanitar norma və qaydalara əməl olunmadığı, istehsalda tələb olunan uyğunluq və gigiyenik sertifikatları və ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunduğu aşkarlanıb. Reyd zamanı sexdə istehsal sahəsinin şəraiti yolverilməzliyi, xammalın yəni unun, duzun, yağın saxlanma şəraitində nöqsanlar aşkar edildi. İstehsal prosesində natəmizlik qeydə alınıb. Elə kanalizasiya quyusunun üstündə yuxaların yığılması da buna əyani sübutdur.
Xidmətin rəis müavini Şəhla Yusifzadə bildirib ki, əslində buranı sex adlandırmaq olmaz. Burada çörək bişirmək üçün nəinki şərait yoxdur, hətta adi sanitar gigiyenik normalara riayət olunmur. Bu dəfələrlə istifadə edilmiş qablarda bişirilir, eyni zamanda çürümüş piştaxtaların üstündə yayılır. Bura bütünlüklə mikrob mənbəyi hesab edilir”.
Qeyd edək ki Fariz Adıgözəlovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı və satışı qadağan edilib. Daha sonra Xidmət tərəfindən Sumqayıt şəhərində Ziya Ağazadəyə məxsus şirniyyat sexində yoxlamalar aparılıb. Orada aşkar edilən nöqsanlar heç də digərindən fərqli olmayıb. Burada mənşəyi bilinməyən məhsullardan istifadə edilməklə antisanitariya şəraitində şirniyyat istehsal olunur.
“Burada istehsal edilən şirniyyat məhsullarının heç bir gigiyenik sertifikatı yoxdur. İstifadə edilən xammalın mənşəyi məlum deyil. Bu şirniyyatların hazırlanmasında qadağan olunmuş sintetik - kimyəvi rəngləyici maddələrdən istifadə edilib. Araşdırma zamanı məlum oldu ki, həmin maddələr xəmirin tərkibinə miqdarı dəqiq ölçülmədən qatılıb. Bu isə gələcəkdə insan orqanizmində ciddi fəsadlar doğura bilər”.
Aşkar edilən nöqsanlar vaxtında aradan qaldırılmadığı üçün hər iki sahibkarlıq subyektlərinin fəaliyyəti qadağan edilib.