Azərbaycanda özəl ali məktəblərdə qiyabi təhsil ləğv olundu
Bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbul planında müəyyən yeniliklər nəzərdə tutulub.Təhsil Nazirliyinin QHT və KİV-lə İş Sektorunun müdiri Cəsarət Valehov mayın 1-də keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib ki, ötən ilə nisbətən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyanı tələbə qəbulu planı artırılıb.
"Özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq. Pedaqoji ixtisaslara qəbul üçün yalnız özəl ali məktəblərdən Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib".
Nazirlik rəsmisi bildirib ki, təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Cəsarət Valehov bildirib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə bu ildən qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq. İbtidai sinif və informatika müəllimliyi ixtisasları isə kolleclərin qəbul planından çıxarılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb.
Nazirlik sözçüsü bildirib ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb. Onun sözlərinə görə, Siyəzən rayon Təhsil Şöbəsinin müdirinə, şöbənin böyük məsləhətçisi və metodistinə töhmət verilib. Eyni zamanda Laçın rayon Ağgöl kənd orta məktəbində aparılan araşdırma zamanı müəllimlərin dərs planları düzgün tərtib edilmədiyi, sinif jurnallarında və şəxsi işlərində ciddi səhvlərə yol verildiyi, əmək intizamına düzgün riayət olunmadığı müəyyən olunub. Buna görə də məktəbin direktoru vəzifəsindən azad edilib. "Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktor müavinin şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılan araşdırma zamanı məlum olub ki, Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru ciddi nöqsana yol verib".
Nazirlik rəsmisi bildirib ki, araşdırmalar davam etdiriləcək