Gülər Əhmədova: “Niyə prokurora şərti iş verilir, mənə isə yox?”
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadə verib. O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları qismən danışıb: “Çünki ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsur var. Elşadın dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir?
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.