Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq. Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də baş tutacaq. Bundan başqa komisiya sədri bildirib ki, bu il cəmi 370 nəfər ərizəsində jurnalistikada oxumaq istədiyini qeyd edib.
"Ötən il jurnalistikada oxumaq istəyən 3 minə yaxın abituriyent I yerdə bu ixtisası yazıb. Hazırda jurnalistikada oxumaq istəyən 370 nəfərdən neçəsinin an azı 250 bal toplayaraq müsabiqəyə buraxılacağı bəlli deyil. Ona görə də bu yerlərin boş qalacağını gözləyirik. Nəzərdə alsaq ki, jurnalistika fakültəsində belə qaydalar bir ildir tətbiq olunub, sənəd qəbulu artıq bitib. Ancaq III qrupu seçən abituriyentlərə öz ərizələrini təsdiqləyəndə jurnalistika üzrə qeydiyyatdan keçmək üçün həftənin axırına kimi imkan verilir".
Mayın 12-dən isə Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlanacaq. Ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaq.