Prezident İlham Əliyev Ağdaşa gedib

Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb. Dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Daha sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Səfər çərçivəsində prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısına yeni inzibati binada yaradılan şəraitin icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi daşıdığı bildirilib. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulmuş 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcək. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.


Ağdaşda səfərdə olan prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Bina müasir inventar və avadanlıqla təchiz edilib. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu da istifadəyə verilib. Açılışda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezident zavodu işə salıb. Ümumi dəyəri 4.2 milyon manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1.9 milyon manat güzəştli dövlət kreditindən istifadə olunub. Zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir. Prezident İlham Əliyevin diqqətinə o da çatdırılıb ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı alıb. Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılıb.

 

Dövlət başçısı həmçinin Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib. Burada prezidentə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.

 

Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. Stansiyada yeni platforma tikilib. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu var.

 

Prezident İlham Əliyev həmçinin Gilan yem emalı zavodunun açılışında iştirak edib. Regionda iri layihələrdən olan bu müəssisə Ağdaş rayonunun Binələr kəndi ərazisində 8 hektar ərazidə tikilib. Zavod quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı və digər köməkçi sahələrdən ibarətdir. Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.

 

Məlumat verilib ki, zavod özündə 2 fabriki birləşdirir. Bildirilib ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulub. Azərbaycan Prezidenti istehsal prosesini izləyib, müəssisənin hazır məhsullarına baxıb. Qeyd edilib ki, MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu gücə malik belə zavod fəaliyyət göstərmir.  Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılıb.

Müəllif | Apa.Tv
Apa.tv