Nazir Səlim Müslümov: "Mən sizə yalandan söz verə bilmərəm, siz növbədə deyilsiniz"

"Biz sizi evlərlə tam təmin edəcəyik. Mən sizə yalandan başqa söz verə bilmərəm. Siz növbədə deyilsiniz. Ev alan adamlarsınız. Mən nə lazımdır hamısını edəcəyəm. Nə imkanlar var, hamısını edəcəyik".


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov İsmayıllıda Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrin üzvləri ilə görüşüb, onların problemləri ilə tanış olub, şikayət və təkliflərini dinləyib. Yerindəcə tapşırıqlar verib.

 

Nazir İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin açılışında iştirak edib. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün əmək birjası xidməti də göstəriləcək.
"Burada gənclər peşə yönümü fəaliyyət göstərəcək. Orta məktəbin son siniflərində oxuyan gənclər bura gəlib gələcəkdə seçəcəkləri peşələrin üstünlükləri, hansı peşələrə daha çox uyğunlaşdığını biləcəklər. Bu mərkəzlərdə peşəyönümü ilə yanaşı sürətli hazırlanma olmalıdır".

 

Növbəti pilot məşğulluq mərkəzlərinin Bakı, Gəncə və Göyçayda açılması nəzərdə tutulur.

 

Həmçinin, İsmayıllı Gənclər Mərkəzində keçirilən yarmarkada iştirak edən nazir bildirib ki, məşğulluq xidməti orqanları cari ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaşı münasib işlərlə təmin edib. Bildirilib ki, əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90 idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş iş yeri təqdim olunub.


 

Müəllif | Apa.Tv
Elvin Yaqubov