Ukraynada vəziyyət gərginləşir: separatçılar prokurorluq binasını zəbt etdilər

Ukraynada silahlı dəstə Qorlovka şəhərində prokurorluq binasını ələ keçirib.

“Gazeta.ru”nun yaydığı xəbərə görə, binanı ələ keçirən şəxslər otaqlardan çölə çıxardıqları kompüter və cinayət işlərindən tonqal qalayıblar. Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

1 May - Beynəlxalq Zəhmətkeşlər Günü ilə əlaqədar prokurorluqda qeyri-iş günü olub. 

Bundan bir gün əvvəl separatçılar şəhər şurasının və milis idarəsinin binalarını ələ keçiriblər.

Donetsk vilayətinin Krasnoarmeysk şəhərində separatçılar milis idarəsinidə  ələ keçiriblər.

“İTAR-TASS”-ın xəbərinə görə, bu barədə milis idarəsinin rəis müavini Yuri Şmıxlenko məlumat verib.

Onun sözlərinə görə, idarədə qapılar və pəncərələr qırılıb, insident nəticəsində xəsarət alan olmayıb.

Bundan başqa, Donetsk vilayətinin Rodinsk şəhərində  300-dək separatçı milis idarəsini ələ keçiriblər. Hücum zamanı asayiş keşikçiləri arasında xəsarət alan olmayıb. 

Hazırda separatçılar milis idarələrinin ərazisində barrikadalar qurur.

APA TV-nin xəbərinə görə, Donetsk şəhərinin rəsmi qurumları şəhər prokurorluğunun binasının qarşısında separatçılar və asayiş keşikçiləri arasında baş vermiş toqquşma nəticəsində yaralananların sayının 26-ya çatdığını açıqlayıb.

 

Sevinc

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı