Həbsdə olan vitse-admiralın vəkili: "Ola bilər, kimsə kimisə aldadıb..."
Həbsdə olan müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib. APA TV-nin xəbərinə görə, Şahin Sultanovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin bu il aprelin 21-də şübhəli şəxs qismində saxlanıldığını deyib: “Ona Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Şahin Sultanov təqsirləndirilən şəxs Elxan Hacıyevin ifadəsi əsasında həbs edilib. Elxan Hacıyevin ifadələri ziddiyyətlidir".
Vəkil vitse-admiralın ailəsi adından prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ünvandalıqlarını diqqətə çatdırıb. Bir neçə il əvvəl "Dövlət Bayrağı Meydanı" ətrafında baş verən köçürülmə prosesində Şahin Sultanovun iştirak etmədiyini deyən vəkil “orada köçürülmə çox sürətlə həyata keçirilib. Ola bilər ki, kimsə kimisə aldadıb. Lakin Şahin Sultanovun bu məsələdə günahı olmayıb” - deyə əlavə edib.
A.Məmmədov Elxan Hacıyevdən başqa digər təqsirləndirilən şəxslərin Şahin Sultanova qarşı ifadə vermədiyini deyib.