Ukraynadakı azərbaycanlı tələbələr imtahanlarını tez vermək istəyirlər

Ukrayna Elm və Təhsil Nazirliyi yerli universitetlərə xarici tələbələr üçün növbədənkənar yaz sessiyası imtahanları keçirməsi barədə tövsiyə məktubu ünvanlayıb. Tövsiyə ölkədəki qeyri-stabil siyasi vəziyyətlə bağlıdır. Məktubda deyilir ki, ölkələrin diplomatik nümayəndəliklərinin müraciəti əsasında nazirlik universitetlərə xarici tələbələr üçün 2013-2014-cü il yaz imtahan sessiyasının mayın 20-nə kimi bitirməyi tövsiyə edir. Ölkədə 60 mindən çox xarici tələbə təhsil alır. Qeyri-stabil siyasi vəziyyət səbəbi ilə  Türkmənistan, Azərbaycan, İran, İordaniya və digər ölkələrin 10-larla tələbəsi sənədlərini universitetlərdən götürüb və təhsil almaq üçün öz ölkələrinin və ya Rusiyanın universitetlərinə müraciət edib.

 

Donetsk Azərbaycanlıları Konqresinin sədr müavini Pərviz Rzayevin sözlərinə görə, azərbaycanlı tələbələr ən çox Donetsk Tibb Universitetində oxuyurlar.

 

"Mən 1 ay bundan əvvəl oradakı tələbələrlə görüşmüşəm. Onların çoxu dedi ki, imtahanları tez verməyə çalışırlar ki, maya qədər Bakıya qayıda bilsinlər".

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə 1-ci katibi Asim Osmanov təxminən 1 həftə əvvəl Ukrayna Təhsil Nazirliyinin ölkədəki diplomatik korpus nümayəndələrinin iştirakı ilə tədbir keçirdiyini bildirib və həmin tədbirdə mayın 25-nə - yəni prezident seçkilərinə kimi xarici tələbələrin imtahanlarının yekunlaşdırılması məsələsinə toxunulub. Azərbaycanlı tələbələrin öz sənədlərini universitetlərdən götürüb və təhsil almaq üçün öz ölkələrinin və ya Rusiyanın universitetlərinə müraciət etməsi məsələsinə isə Asim Osmanov belə cavab verib.

 

"Bizdə belə bir rəsmi məlumat yoxdur. O cümlədən tələbələr də bununla bağlı bizə müraciət etməyib".

 

Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı təmsilçisi Aydın Novruzov da nazirlikdən aprelin 29-da belə bir məktub aldığını deyib. O, iki gün əvvəl Ukraynada olduğunu və orada həyatın normal davam etdiyini bildirib.

 

"Mənim öz uşaqlarım da Donetskdə oxuyur. Hamı öz yerində oxuyur, işləyir. Heç bir problem yoxdur.

 

O, Azərbaycanlı tələbələrin Ukraynadan çıxması barədə məlumatının olmadığını əlavə edib.

 

"Əksinə, mən orada gördüm ki, Krımdakı 30-a yaxın Azərbaycanlı tələbə Ukraynanın başqa universitetlərinə keçib".  

 

Aydın Novruzov hazırda Ukraynada 7 min azərbaycanlı tələbənin təhsil aldığını bildirib.

 

Müəllif | Apa.Tv