Səlim Müslümov: "Sistemin yenidən işlənməsinə ehtiyac var"

"Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin kökündən yenidən işlənməsinə ehtiyac var. Hazırda bu sahənin avtomatlaşdırılması üzərində gərgin iş gedir".

APA TV-nin məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlillərin tibbi-sosial reabilitasiya sisteminin inkişafının dəstəklənməsi üzrə Avropa İttifaqı ilə birgə "tvinninq" layihənin təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, ölkənin Səhiyyə Nazirliyi xəstəliklərin Avropa analoqları ilə uyğunluğu üzrə milli təsnifatının hazırlanmasını başa çatdırır.

Ölkədə təxminən 550 min nəfər əlillik təyin olunduğunu deyən nazir bildirib ki, əlillərin sayının əhalinin ümumi sayına nisbəti kiçikdir.

"Bu, nazirlik üçün artıq ikinci "tvinninq" layihədir və özündə 4 komponenti birləşdirir - institusional quruculuq və hüquqi bazanın inkişafı, əlillərin dəstəklənməsi üzrə proqramların və fərdi planlarının tətbiqi, bu sahədə məsul əməkdaşların ixtisasının artırılması və eləcə də 25 fəaliyyət istiqaməti üzrə monitorinq və qiymətləndirmə. Layihədə nazirliyin tərəfdaşları Fransanın Səhiyyə və Sosial İşlər, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirlikləri, eləcə də Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyidir".

Səlim Müslümov bildirib ki, qeyri-hökumət təşkilatlarının aktivliyinin aşağı olması Azərbaycanda sosial sifarişlərin genişləndirilməsini əngəlləyir. Onun sözlərinə görə, nazirlik tərəfindən 15 sosial sifariş paylanıb.

Təqdimatda çıxış edən Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Malena Mardın layihənin Avropa İttifaqının Azərbaycanla ümumi əməkdaşlığının bir hissəsi olduğunu bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv