FHN Slavyan Universitetində şərti təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Slavyan Universitetində "Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda təlim kursu keçirib. Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan tədbirdə çıxış edən Bakı Regional Mərkəzin rəis müavini Tale Şamçıyev təhlükəsizlik haqqında danışıb.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbirlər FHN-nin 7 qurumunun, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə keçirilib.
Bakı Regional Mərkəzinin əməkdaşlarının universitetin tələbələri ilə birgə hazırladıqları çıxışlar zamanı tədbir iştirakçılarının fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və sair ilə bağlı ətraflı məlumat verilib.
Tədbirin praktik hissəsində isə əvvəlcədən müəyyən edilən təlim nöqtələri üzrə nazirliyin qurumlarının fövqəladə hallar zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, universitetin həyətində simulyasiya edilmiş partlayıcı qurğunun Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji İdarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılması nümayiş etdirilib.