"Leyla Yunus ancaq söyüş söyəndə azərbaycanca danışır"

Milli Məclisin növbəti iclası keçirilib. Cari məsələlər zamanı əsas müzakirə mövzusu "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin hesabatı və hüquq müdafiəçisi Leyla Yunus olub. APA TV-nin xəbərinə görə, millət vəkili Əli Hüseynli bildirib ki, “Şəffaflıq Azərbaycan” təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə aid olan hissədə yalan, əsassız və böhtan dolu materiallar əksini tapıb. O deyib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında “Şəffaflıq Azərbaycan” təşkilatının sədri Rəna Səfərəliyevanın özü də iştirak edib. Onun sözlərinə görə, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalıdır.

Millət vəkili Siyavuş Novruzovun sözləri isə daha sərt olub: "Bu səfirlərin bəzi adamların yanında dəstə bağlayıb gəzməklərinin səbəbi məlum olub. Həmin insanların informasiyası əsasında həmin dövlətlər Azərbaycan əleyhinə bəyanatlar və məlumatlar hazırlayırlar. Dövlət Departamenti bir hesabat yayır. Hesabatın mənbəyi bəlli oldu - erməni mənbələri, erməniyə işləyən insanlar".

 

Millət vəkili Azay Quliyev isə qeyd edib ki, Leyla Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib və xüsusilə "fəaliyyət" xalq diplomatiyası altında aparılır: "Leyla Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir".

 

Parlamenti spikeri Oqtay Əsədov da “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin hesabatını tənqid edib: "Belə bir adı olan təşkilat araşdırma, yox qarışdırma ilə məşğuldur ".

 

İclasın davamında gündəliyə daxil olan 12 məsələ müzakirə olunub və səsə

qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv