Bakıda atelyedə yanğının qarşısı alındı

Bakıda atelyedə baş verən yanğının qarşısı alınıb. APA TV-nin xəbərinə görə, hadisə Səbail rayonu Molla Vəli Vidadi 183 ünvanında yerləşən atelyedə qeydə alınıb. Ütünün sancılı vəziyyətdə qalması az qala, atelyenin kül olmasına səbəb olacaqmış. Atelyedə yaranan tüstünü görən vətəndaşlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Atelyenin şüşə qapısı bağlı olduğundan yanğınsöndürənlər qapını qıraraq içəri daxil olublar. Baş verən yanğının qarşısı tez bir zamanda alınıb. Yanan ütü və masa atelyedən kənarlaşdırıldıqdan sonra bir sıra qabaqlayıcı tədbirlər görülüb. Hadisə nəticəsində atelyedəki geyimlərə ziyan dəyməyib.

Müəllif | Apa.Tv