Azərbaycanda xalq artisti vəfat edib
Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə vəfat edib.
Bəstəkar bu gün səhər yuxudan ayılmayıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə APA-ya deyib ki, Aqşin Əlizadənin vəfatı Azərbaycan incəsənətinə, bəstəkarlıq məktəbinə ağır itkidir. Firəngiz Əlizadə deyib ki, mərhumla vida mərasimi mayın 4-də saat 12:00-dan 15:00-a kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında olacaq. Mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.
APA TV-nin xəbərinə görə, Aqşin Əlizadə 1937-ci il, 22 may tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. Azərbaycanın “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib.