Rektor: "Biz istəyirik ki, hər bir tələbə..."
Azərbaycan Turizm İnstitutunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanda turizmin inkişafında mehmanxana və restoran təsərrüfatı - problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru Cəfər Cəfərov təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddətdə turizm sahəsi üzrə respublika konfranslarının keçirildiyini diqqətə çatdırıb. Rektor hesab edir ki, bu tip konfransların keçirilməsi birinci kurs tələbələrinin elmə, təhsilə marağını bir daha artırmış olacaq.
"Bu spesifik bir konfransdır. Konfransın keçirilməsində məqsəd həm də Turizm İnstitutunun tələbələrini gələcəkdə institutun kadrları kimi ali məktəbə cəlb etməkdir. Biz istəyirik ki, hər bir tələbə gələcəkdə koryeralarını qurmaq istədikləri sahənin nəzəriyəsini də dərindən araşdırsınlar".
Üç bölmə üzrə davam edən tədbirdə institutun bakalavr pilləsində təhsil alan tələbələr “Azərbaycanda işgüzar turizm”, “Azərbaycanda turizmlə bağlı problemlərin həlli yolları”, “Turizm və otel işinin təşkilində reklamın rolu” və s. mövzularda məruzələrlə çıxış ediblər.