Bakıda ilanvurma hadisələrinin sayı artıb
"Havaların isinməsi ilə Bakıda ilanvurmaların sayı xeyli artıb. Paytaxtın Xətai, Xəzər və Qaradağ rayonu ərazisində 3 ilansancma hadisəsi qeydə alınıb".
Bunu APA TV-yə müsahibəsində Təcili Tibbi Yardım Stansiyasının operativ şöbəsinin həkimi Kəmalə Nağıyeva deyib: "Onlardan ikisi qadın, bir nəfəri isə kişidir. Hər üç xəstəyə tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb".
Kəmalə Nağıyevanın sözlərinə görə, Bakı şəhəri və Abşeron rayonu ərazisində ilansancma halları daha çoxluq təşkil edir. Eyni zamanda köhnə Əhmədli qəsəbəsində, Bakıətrafı kəndlərdə-Maştağa, Buzovna, Nardaran, Zirə, Qobu, Qobustanda, Qaradağ rayonunda qeydə alınır.
Kəmalə Nağıyeva bildirib ki, ilancanma hadisəsi ilə qarşılaşan hər bir şəxs həkimə müraciət etməlidir. Çünki həmin zəhərlənməyə qarşı istıfadə edilən zərdab ilan sacmasından bir sutka keçənədək təsir etmək gücündədir.
Kəmalə Nağıyeva onu da qeyd edib ki, Azərbaycanda yay fəslində insanlar üçün təhlükəli olan zəhərli qara qurd və hörümçəklər var. Həmin həşəratların vurmasından ölkədə insan ölümü halı olmasa da, onlar təhlükəlidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yarım milyondan artıq adamı ilan sancır. İlan çalmasından ölənlərin illik sayına görə dünyada birinci yeri Hindistan tutur. Hindistanda hər il ilanların sancdığı 250 mindən çox adamın təxminən, 50 min nəfəri ölür.