Uşaqlara qoyulan adlara diqqət! Adlar insanların həyatına necə təsir edir?
Adlınızı dəyişmək istərdiniz? Dəyişsəydiniz hansı adı seçərdiniz? Adınız xarakterinize uyğundurmu?
Bu suallarla paytaxt sakinlərinə müraciət etdik. Cavablar müxtəlif oldu. Ümumiyyətlə, insanın özünə güvənməsində, inam yaranmasında, sosial mühitdə öz yerini tutmasında adın rolu böyükdür. Bu isə danılmaz bir faktdır. Çünki, ad insanın ömür boyu özü ilə daşıyacağı özünü təqdim etdiyi zaman söyləməli olduğu ifadədir. Bəzən elə adlar qoyulur ki, bu da cəmiyyət arasında birmənalı qarşılanmır. Bəzən də qoyulan adlar həmin adamın xarakterinə uyğun gəlmir. Bu səbəblərə görə də insanlar adlarını dəyişməyə məcbur olur. Bəs insan öz adını dəyişmək istərsə nə etməlidir? Hər adını dəyişmək istəyən insana bu şans verilirmi? Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarına əsasən vətəndaşlara adın, soyadın, ata adının dəyişdirilməsi hüququ verilib. Adların dəyişdirilməsinə isə 18 yaşına çatdıqdan sonra icazə verilir. Nərimanov rayon Qeydiyyat Şöbəsinin rəisi Səadət İsmayılova deyir ki, 18 yaşa qədər uşaqların adlarının dəyişdirilməsi ilə bağlı valideynlər müraciət etdiyi halda İcra Hakimiyyətlərinin Qəyyumluq Şöbəsinə müraciət etmələri bildirilir. Sərəncam verilərsə, o sərəncama əsasən şəhadətnamədə akt qeydində dəyişiklik aparılır. Onun sözlərinə görə, ad və soyadları daha çox gülünc səsləndiyi üçün dəyişdirirlər. Gülünc adlara isə daha çox yaşlı insanlarda rast gəlinir. Ancaq buna baxmayaraq ən çox adını dəyişmək istəyənlər 18-25 yaş arası gənclərdir.
“Bir çox vətəndaş ad və soyadının cinsinə uyğun gəlmədiyi, mənafeyinə xələl gətirdiyi, gülünc səsləndiyi üçün müraciət edir. Buna misal olaraq adlardan məsələn, Kombayn, Oktyabr, Mismar adlarını, soyadlardan Çuqunov, Çobanov və sairləri misal göstərmək olar. Belə adların, soyadların dəyişikliyi ilə bağlı müraciətlər çox olur”.
Adlarını dəyişmək istəyənlər isə daha çox qadınlardır.
“Xanımlar nikaha daxil olduğu zaman öz həyat yoldaşlarının soyadını götürmürlər. Ondan sonra müraciət edirlər”.
Əgər adların dəyişdirilməsi baş verərsə burada hansı prosedur qaydalarından istifadə olunur? Yəni vətəndaş nəyin əsasında adını dəyişə bilər?
“Bir çox sənədlər lazım olur. Bunlardan şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi, yaşayış yerindən arayış təqdim edilməlidir və bu proses bir ay müddətində yoxlamadan keçir və yoxlandıqdan sonra vətəndaşlıq vəziyyətinin aktlarında dəyişiklik edilir. Əvvəl verilən şəhadətnamə ləğv edilir və dəyişiklik nəzərə alınaraq yeni şəhadətnamə verilir”.
Bütün sənədlər toplandıqdan sonra araşdırılması üçün polis idarəsinə göndərilir. 15 gün ərzində yoxlamadan keçir və qeydiyyat şöbəsinə cavablar göndərilir. Əgər sənədlərdə heç bir problem yoxdursa rəy hazırlanır və vətəndaşa yeni şəhadətnamə təqdim edilir. Bu prosedur isə 1 ay çəkir. Buna görə dövlət rüsumu 10 manatdır. Adın, soyadın, ata adının dəyişdirilməsi ilə bağlı vətəndaşlar qeydiyyat şöbələrinə, konsulluğa və yaxud da “Asan xidmət” mərkəzinə müraciət edə bilərlər. Psixoloq Təhminə Çələbi deyir ki, ad seçərkən elə ad seçmək lazımdır ki, gələcəkdə insan müəyyən gülünc hadisələrlə qarşılaşmasın. O, bildirib ki, gülünc adların qoyulması insan psixologiyasına böyük zərbə vurur. Bu daha çox uşaqlarda özünü büruzə verir. Bu cür uşaqlarda ümumiyyətlə adının çəkilməsinə qarşı müəyyən bir reaksiya olur. Adı çəkilməsin deyə bəzən evdən bayıra çıxmırlar, özlərinə qapanırlar və bu da gətirib autizim xəstəliyinə çıxarır. Adlarını dəyişən insanlarda bir müddət dəyişikliyə uyğunlaşma gedir.
“Təsəvvür edin ki, 10, 15, 30 il bir insanı eyni adla çağırıblar və birdən birə bunun adı dəyişir və başqa adla çağırmağa başlayırlar. Belə insanlar adətən mühiti də dəyişir. Misal üçün müraciət edən belə bir var idi, adına görə psixoloji durumu heç də yaxşı vəziyyətdə deyildi. Adını dəyişəndən sonra məktəbini də dəyişdi, ətrafını da dəyişdi. Adaptasiya olduqdan sonra daha çox özünə güvənən bir insana çevrildi”.
Psixoloq deyir ki, adlarını dəyişdirən insanların nəyə görə bunu etdiklərini araşdırmaq lazımdır. Bu, şəxsiyyətin ikiləşməsi ilə də bağlı ola bilər.
“Burda artıq araşdırma aparmaq lazımdır ki, insan bu adı nəyə görə seçir. Yəni ola bilər ki, onun üçün ideallaşmış bir insan olsun və ona bənzəmək istəsin və ona görə bu adı seçsin. Daha sonra görəcək ki, adı dəyişməklə əslində heç bir şey dəyişmədi. Bunu psixoloji nöqteyi-nəzərdən açıqlamaq lazımdır”.
Təhminə Çələbi deyir ki, nədənsə adını dəyişmək istəyən oğlan uşaqlarının çoxu Murad, qızlar isə Aysel adını seçir. Ad insanın kimliyini, onun şəxsiyyətini bəlli etdiyi kimi xarakterinin formalaşmasında da böyük rol oynayır. Əbəs yerə deməyiblər igid ölər, adı qalar.