"Volkswagen" "Prado"ya çırpıldı - ağır yaralı var
Bakıda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində qeydə alınıb. Sürətlə hərəkət edən "Volkswagen" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan "Toyota Prado" markalı avtomaşına arxadan çırpılıb. "Volkswagen"in sürəti çox olduğundan sürücü idarəetməni itirib və avtomobil yolun ortasında aşıb. Aşan minik maşını yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsönürmə briqadası cəlb olunub, yanğının qarşısı alınıb. "Volkswagen"in sürücüsü İlkin Babaxanov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Yol Patrul Xidmətinin hadisə yerindəki əməkdaşlarının APA TV-yə verdikləri məlumata görə, qəzaya "Volkswagen"in yüksək sürətlə idarə olunması və sürücünün idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.