Əkinçilər çiyələyə üstünlük verir
Son illər Masallıda çiyələk əkininə üstünlük verilir. Səbəb isə çiyələkçiliyin daha gəlirli sahə olması və məhsulun satışında əlavə hər hansı problemin olmaması göstərillir.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallıda bu il 25 hektar sahədə çiyələk əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaysədə 7 hektar çoxdur. Əkin sahələrində vaxtında aparılan aqrotexniki qulluğun nəticəsi olaraq məhsuldarlığın yüksək olacağını deyən fermerlər bu il məhsul yığımının gecikdiyini bildirirlər. Aprel ayının əvvəllərində yağan qar çiyələk sahələrinə də öz mənfi təsirini göstərib.
Rayonda yerli iqlim şəraitinə uyğun olaraq əsasən “Viktoriya” və “Qamaroza” kimi çiyələk sortları əkilir. Məhsulun satış bazarı isə paytaxt Bakı ilə yanaşı, respublikanın iri şəhər və rayonlarıdır. Fermerlər nübar yığım zamanı 1 kq məhsulun satış qiymətinin 2-3 manat arası dəyişdiyini deyirlər. Masallı əkinçilərinin qənaətincə, çiyələyin 15-20 gün gecikən yığımına mayın ilk ongünlüyündə başlanacaq və oktyabr ayına kimi tədarük davam etdiriləcək.