Ukraynanın şərqindəki qarşıdurmalarda ölü sayı artır
Ukrayna ordusu ölkənin şərqindəki Konstantinovka və Mariupol şəhərlərində separatçılara qarşı əməliyyata başlayıb. Daxili işlər naziri Arsen Avakov Konstantinovkada teleqülləni işğal edən separatçılarla hökumət qoşunları arasında atışmanın getdiyini, əsgərlər arasında yaralananların olduğunu bildirib.
Hökumət qüvvələri Mariupol şəhərində administrasiya binasını ələ keçirən separatçılara da qarşı əməliyyat keçirir. Separatçılar şəhərin bəzi nöqtələrində təkərlər yandırıblar, Mariupolu qara duman bürüyüb. Şahidlər şəhərin mərkəzində atəş səslərinin eşidildiyini, separatçıların administrasiya binasını tərk edərək, yaxınlıqdakı kafenin ətrafına çəkildiyini bildiriblər. Əməliyyatların davam etdiyi daha bir şəhərdə - Kramatorskda isə ölənlərin sayı 6-ya çatıb. Yerli səhiyyə şöbəsi 15 nəfərin yaralandığını açıqlayıb. Ukrayna ordusu Kramatorskdakı bir sıra obyektləri, o cümlədən, teleqülləni separatçılardan azad edib. Administrasiya binasını əllərində saxlayan separatçılar mülki şəxslərdən canlı sədd çəkiblər. Bu səbəbdən Ukrayna ordusu binaya hücum etməyə tələsmir.
Əllərində Rusiya bayrağı olan hərbi geyimli silahlılar ötən gün axşam saatlarında Luqanskda hərbi komissarlığın binasını ələ keçirməyə cəhd ediblər. Separatçılar “Molotov kokteyl”indən və avtomat silahdan istifadə ediblər.
Hərbi komissarlığın binasında olan hərbçilər separatçıların hücumunu dəf edə bilib. Daxili İşlər Nazirliyi atışma nəticəsində 1 hərbçinin yaralandığını bildirib.
Separatçılar Donetskdə Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binasını ələ keçiriblər. Onların binada heç bir müqavimətlə qarşılaşmadığı bildirilir. Ərazidə milis əməkdaşları ümumiyyətlə gözə dəyməyib. Binanın qapı və pəncərələrini sındıran Rusiyameylli qrup içəridəki sənədləri və Ukrayna bayrağını yandırıb. Separatçılar binanın üzərinə qondarma "Donetsk Xalq Respublikası"nın bayrağını sancıblar.
Separatçılar daha sonra Donestkin meri Sergey Tarutaya məxsus şirkətin binasına soxulublar. Onlar binadakı əmlakı talayıblar. Sergey Taruta Ukrayna hakimiyyəti tərəfindən mer təyin edilsə də, separatçılar bu qərarı tanımadıqlarını bəyan ediblər. O, Donestk vilayətinin tanınmış iş adamlarındandır.