Azərbaycandan dost yardımı
Fövqaladə Hallar Nazirliyi Əfqanıstanda təbii fəlakətdən ziyan çəkənlərə humanitar yardım göndərib. Hazırda 112 ton məhsul təyyarəyə yığılaraq Əfqanıstana yola salınır.
Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, humanitar yardıma qida məhsulları - yağ, makaron, şəkər, düyü və s., habelə nazik yorğan, geyim əşyaları və digər zəruri tələbat malları daxildir.
"Ölkə prezidenti, Ali Baş Komandanın göstərişi ilə Əfqanıstanın şimalında baş vermiş leysan yağışları nəticəsində subasma və daşqınlardan zərəçəkmiş insanlar üçün Azərbaycan dövləti adından humanitar yardım yola salınır. Humanitar yardım 122 tondan ibarətdir. Humanitar yardım ərzaq və sənaye məhsullarından ibarətdir".
Əfqanıstanda selin yaratdığı fəsadlardan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardım mayın 4-də Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə yola salınıb. Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları tərəfindən göndərilən yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunacaq. Ümumi dəyəri 211 min 500 manat olan yardım mayın 4-də günortadan sonra Əfqanıstanın paytaxtı Kabil şəhərinə çatacaq.
Qeyd edək ki, mayın 2-də Əfqanıstanın Bədəxşan əyalətində baş verən sel daşqınları nəticəsində 2500-dən çox insan ölüb, xeyli insan yaralanıb və evsiz-eşiksiz qalıb.