Rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçirilib. İmtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 13:00-da başlanıb.
Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb.