Aqşin Əlizadə bu gün son mənzilə yola salındı
Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə bu gün son mənzilə yola salındı. Mərhumla vida mərasiminə ailə üzvləri, yaxınları, həmçinin həmkarları və sənət dostları gəlmişdi.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəstəkarın Azərbaycan mədəniyyətində, musiqisində çox böyük iz buraxdığını vurğulayıb. Onun sözlərinə görə, bəstəkar sağlığında dövlətin diqqət və qayğısını görərək fəxri adlara, "Şərəf" və “Şöhrət” ordenlərinə layiq görülüb.
Mərhumun oğlu və sənətinin davamçısı Əli Əlizadə deyir ki, atası Aqşin Əlizadəni itirməklə O, həm müəllimini, həm də hər zaman baxıb örnək aldığı bəstəkarı itirib. Atası onun üçün müəllim olub. "Mən onun sənətindən hər zaman örnək almışam. Təkcə bizim ailənin deyil həm də Azərbaycan xalqının böyük itkisidir".
Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, Aqşin Əlizadənin vəfatı Azərbaycan incəsənətinə, bəstəkarlıq məktəbinə ağır itkidir. "Nə qədər ki, Aqşin Əlizadənin musiqisi yaşayacaq o qədər də bəstəkarımız yaşayacaq. Onun əsərlərini davamçıları, tələbələri, oğlu hər zaman yaşadacaq. Allah rəhmət eləsin".
Milli Konservatoriyanın Rektoru Səyavuş Kərimi qeyd etdi ki, Aqşin Əlizadə Azərbaycan musiqisində çox yeniliklər eləmişdir. "İlk növbədə qəhrəmanlıq mövzuları əsasında ilk baletin müəllifidir. Onun yaradıcılığı digər bəstəkarların yaradıcılığından seçilib hər zaman. Onun yoxluğu haqqında danışmaq çox ağırdır".
Qeyd edək ki, Aqşin Əlizadə 1937-ci il, 22 may tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların 1-ci Ümumittifaq Müsabiqəsində 1-ci dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında 1-ci diploma layiq görülüb. Azərbaycanın “Şöhrət” ordeni (1997) və “Şərəf” ordeni (2012) ilə təltif edilib. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", Cəngi", "Azərilər" kantatası və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Mayın 3-də səhər yuxudan ayılmayaraq dünyasını dəyişən bəstəkar 1-ci Fəxri Xiyabanda dəfn olundu.