AKP-nin prezidentliyə namizədi Ərdoğandır
"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyip Ərdoğan olduğunu bilir və buna inanırıq".
APA TV-nin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı danışarkən deyib.
B.Arınc bildirib ki, bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. O söyləyib ki, 12 il sonra yüz faiz haqqı çatan, böyük uğurların sahibi olan bir insanın Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən prezident olmasını istəyir.
Arınc vurğulayıb ki, media da, xalq da bilir, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək. Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur.
Müxalifət partiyalarının üzvlərindən də səs alacaqlarını deyən B. Arınc söyləyib ki, onun təxminlərinə görə, MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.