Cəlilabadda ailə faciəsi: 2 qardaş öldü
Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli qəza baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 124-cü kilometrliyində - yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Yardımlı rayonunun Osnağaran kənd sakini, 50 yaşlı Şahəli Quliyevin idarə etdiyi “Hyundai Santafe” markalı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və kanala yuvarlanıb. Sürücü və onu qardaşı, 47 yaşlı Araz Quliyev hadisə yerində ölüblər. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 30 yaşlı Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya müvafiq tibbi yardım göstərilib, onun vəziyyəti orta-ağır hesab edilir.
İlkin versiya kimi hadisənin “Hyundai”in yüksək sürətlə hərəkətdə olması və qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Hadisənin dəqiq səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.