Göyçayda güclü dolu yağıb

Mayın 4-də Göyçay rayonuna güclü dolu düşüb. Təqribən 20 dəqiqə davam edən dolu meyvə-tərəvəzə, taxıl sahələrinə ciddi ziyan vurub. Dolu rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərinə daha güclü yağıb.

 

APA TV-nin xəbərinə görə, dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Rayonların enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Ötən gecədən bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Yerli sakinlər belə güclü dolu yağışının uzun illərdir ki, Göyçayda müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib.

 

Dolu yağan zaman yaranan göy gurultusundan qorxan bir nəfər Təcilli Tibbi Yardım stansiyasına müraciət edib.

 

Təbii fəlakət Göyçayla bərabər Qəbələ, İsmayıllı, Şamaxı rayonlardan da yan keçməyib. Hazırda Göyçay rayon icra hakimiyyətlərində və kənd icra nümayəndəliklərində dolunun əhaliyə vurduğu ziyanın müəyyən edilməsi üçün toplantılar keçirilir. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri sakinlərlə görüş keçirərək onların şikayət və təkliflərini dinləyir.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov