II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar edildi
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın verilməsini təmin edib. Ölkə başçısı İlham Əliyevin imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam hazırda 22 897 nəfərə şamil edilib. APA TV-nin xəbərinə görə, bunu fondun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
"Sərəncamın icrası ilə əlaqədar olaraq 1 707 nəfər Böyük Vətən müharibəsi iştirakçısının hər birinə 700 manat, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının hər birinə 300 manat bir dəfəlik maddi yardım ödənilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidentinin ehtiyat fondundan Maliyyə Nazirliyi 7.6 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına ayırmışdır. Fond tərəfindən həmin vəsaitə uyğun olaraq məbləğlər ayrı-ayrı şəxslərin hesabına köçürülmüşdür".
Elman Mehdiyevin sözlərinə görə, ikinci kateqoriyadan olan şəxslərin sayı 21 172 nəfərdir.