Şəkidə iki yük avtomobili toqquşdu

Şəkidə iki yük avtomobili toqquşub. APA TV-nin məlumata görə, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası rayonun Aşağı Göynük kəndi ərazisində  qeydə alınıb. 1958-ci il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini  Zahir Nurəhməd oğlu Abdurəhmanov idarə etdiyi  “MAZ” markalı yük avtomobili ilə yolun kənarında dayanan, həmkəndlisi 1961-ci il təvəllüdlü Üzeyir Qurban oğlu İsrafilova məxsus  “Zil” markalı yük maşınına çırpıb.

 

Qəza nəticəsində “MAZ” markalı yük maşının sürücüsü Zahir Abdurəhmanov, onun həyat yoldaşı  1961-ci il təvəllüdlü Abdurəhmanova Sümayə Qurban qızı, “Zil” markalı yük maşının sürücüsü Üzeyir İsrafilov və  onun sərnişini 1993-cü il təvəllüdlü Seyidməmmədov Tural Mikayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar. Xəstələr travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şəki şəhər-rayon polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov