Kənd təsərrüfatı texnikaları təqdim olundu
Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikalarının təqdimatı keçirilib.
Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıq bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq.
APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyinin Əsaslı Tikinti-təchizat İdarəsinin logistika üzrə mütəxəssisi Samir Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ən sonuncu dəfə müvafiq texniki avadanlıq və vasitələr 25-30 il əvvəl verilib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksən ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir: "Mövcud şəraitdə əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Eyni zamanda, texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir".
Samir Məmmədov əlavə edib ki, Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işlər davam etdiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.