Məcburi köçkünlərin evləri yandı

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində məcburi köçkünlərin yaşadığı ərazidə güclü yanğın baş verib. APA TV-nin xəbərinə görə, dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın taxta konsturksiyalardan tikilmiş ümumi sahəsi 450 kvadratmetr olan 7 evi əhatə edib. Yanğınsöndürənlərin səyinə baxmayaraq, alov məcburi köçkünlərin yaşadığı evlərə ciddi ziyan vurub.

 

Alov o qədər güclü olub ki, qısa zamanda ətrafı bürüyüb. Bu səbəbdən də vətəndaşlar ancaq əşyaları çıxarmağa cəhd ediblər. Ancaq buna nail olmayanlar da olub. Ev əşylarını çıxarmağa çalışan sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar. Hətta bu zaman tüstüdən zəhərlənənlər də olub. Zəhərlənən şəxslərə kömək məqsədi ilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb. Təxminən bir saat həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində alov məhdudlaşdırılıb. Hadisə nəticəsində hər biri 3 otaqdan ibarət fin tipli 3 yaşayış evi yanıb. Ətrafda olan 4 ev isə yanğından mühafizə olunub. Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Dəqiq səbəblər araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Azər Məmmədli