Əli Həsənov: "Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti vermişdi"
“Beynəlxalq ekspertlər səviyyəsində hesablamalar aparılır. Bu hesablamalara əsasən, işğal nəticəsində Füzuli rayonuna dəyən ziyan əslində 5,5 yox, 31 milyard manatdır”.
Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirb. Əli Həsənov qeyd edib ki, ermənilərin Horadizi işğal etməsi təsadüfi olmayıb: "Nə üçün ermənilər Horadiz şəhərini işğal etdilər? Çünki Horadizdə regional neft bazası, üzüm qəbulu məntəqəsi və kənd təsərrüfatı texnikasını təmir etmək üçün baza vardı. İkincisi, Horadizin işğalı ilə Füzuli, Cəbrayıl və Zəngilan rayonları mühasirəyə düşürdü. Üçüncüsü, Horadizin işğalı ilə ermənilər İrana gediş-gəliş üçün asan yol əldə edirdilər, çünki orada bənd var idi. Horadizdən iki vacib nəqliyyat xətti – dəmiryol, Bakı-İrəvan avtomobil yolu keçirdi. Oradakı Lələ təpə də strateji məntəqə idi, çünki oradan Beyləqan və İmişli ərazisi görünürdü. Horadizin işğalı əmrini indiki Ermənistan prezidenti Serj Sərkisyan vermişdi”.
Komitə sədri erməni jurnalistlərin Azərbaycana səfər etməsinin tərəfdarı olduğunu deyib: “Bu yaxınlarda Avropa Şurasından böyük bir jurnalist qrupunu qəbul etdim. Dedim ki, niyə erməni jurnalist gətirməmisiniz? Gəlib, hər şeyi görsünlər. Bəziləri deyirlər ki, ermənilərin Azərbaycana səfəri düzgün deyil. Mən bununla razılaşmıram, gəlib Azərbaycanın inkişafını görsünlər, bəlkə bunların nəticəsində Ermənistanda həqiqəti dərk edəcəklər, çevriliş olacaq”.
Əli Həsənov Türkiyənin Azərbaycana münasibətdə ədalətli və obyektiv mövqe nümayiş etdirdiyini də vurğulayıb.
Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimat mərasimi keçirilib.