TQDK 20 dərslik komplektinin istifadəsini məqsədəuyğun saymır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, komissiya I-XI siniflər üzrə istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqini aparıb. Bunlardan yeni təhsil proqramları əsasında hazırlanmış I-VI siniflər üzrə 35 dərslik, 151 müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib və 20 dərslik komplektinin istifadəsi məqsədəuyğun hesab edilməyib. Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. Nəticədə müvafiq fənlər üzrə ekspert qrupları tərəfindən formalaşdırılmış yekun rəylər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nda yerləşdirilib və nazirliyə göndərilib.