Prezident İlham Əliyev AMEA Mərkəzi Kitabxanasının yeni binasının açılışına qatılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına kitabxananın ilk oxucu kartı təqdim edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.
Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışda da iştirak edib.
Prezidentə Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür.
Dövlət başçısına redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”, 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib.