Körpələrin qüsurlu doğulmasına ən çox hansı hallarda rast gəlinir?
"Azərbaycanda qüsurlu dünyaya gələn uşaqların statistikası 2,5-3 faiz arası dəyişir. Anadangəlmə qüsurlu doğuş bir neçə səbəbdən baş verə bilər. Onlardan ən önəmlisi ata və ya anada hər hansı bir genetik xəstəliyin mövcudluğunun mümkünlüyüdür. Belə hallara əsasən qohumlar arasında olan evliliklərdə daha çox rast gəlinir". APA TV-yə müsahibəsində respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev belə deyib.
"Çox təəssüf ki, bu günə qədər də Azərbaycanda qohum nikahların statistikası artır. Yaxud, tərəflərin birində sağlamlıq baxımında yaşanan problemlər aradan qalxmamış ailə qurmaq. Bu hallar da dünyaya gələn uşaqlar arasında qüsurların büruzə vermək şansını artırır".
Nəsib Quliyev deyir ki, bu səbəbdən qohumlar arası evlilikdən mümkün qədər uzaq durmaq məsləhət görülür. Digər bir səbəb isə hamiləlik zamanı ananın körpənin sağlığına zərər verə biləcək dərmanlardan və bununla yanaşı kofeinli, spirtli və narkotik maddələrdən istifadə etməsidir. Baş pediatrın sözlərinə görə, anadangəlmə inkişaf qüsurlarını törədən faktorlara teratogen faktorlar deyilir. Teratogen infeksiyalar anadan körpəyə keçən infeksion xəstəliklərdir. Bunlara bəzi virus infeksiyaları - məxmərək, sitomegalovirus, sadə herpes, qrip, epidemik parotiti, suçiçəyi, eləcə də cinsi yolla keçən infeksiyalar - toksoplazmoz, sifilis, xlamidioz, ureaplazmoz və s. aiddir
"Anadangəlmə qüsurların hamısı heç də irsi deyil. Onların bir qismi ananın keçirdiyi xəstəliklərdən, onun sağlamlıq vəziyyəti və qidalanması ilə bağlıdır".
Nəsib Quliyev deyir ki, irsi və genetik xəstəliklərin hətta dünya praktikasında müalicəsi hələ də mövcud deyil.
"Bu kimi xəstələr yardım göstərmək, vəziyyətlərini yüngülləşdirmək olur, amma müalicə etmək mümkün olmur. Çünki, bu xəstəliyi daşıyan gen insan bədənində bütün hüceyrələrdə olur. Anadangəlmə qüsurlu uşaqların doğulmasında ekoloji problemlər və məkan o qədər də böyük rol oynamır".
Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində toksik kimyəvi maddələr də az rol oynamır. Bu maddələr qadının bədənində yığılaraq cift vasitəsi ilə körpənin bədəninə keçə bilər. İş fəaliyyəti ilə əlaqədar olaraq qadın zərərli aktiv kimyəvi maddələrlə kontaktda işləyirsə, öz gələcək hamiləliyini planlaşdırmalıdır. Fiziki faktorlar olan vibrasiya, kompüterin elektromaqnit sahəsi və radiasiyanın da hamilələrə mənfi təsirini nəzərdən qaçırmaq olmaz. O ki qaldı Azərbaycanda bu uşaqların müayinə və müalicəsinin aparılmasına...
"İndi Azərbaycanda Respublika Diaqnostika Mərkəzində genetik diaqnostik laboratoriya mövcuddur. Özəl tibb müəssisələrində də genetik tibbi müayinələr aparmaq üçün şərait var. Ona görə də Azərbaycandan çox nadir hallarda bununla bağlı ölkədən kənara gedirlər".
Anadangəlmə qüsurlu körpələrin doğulmasından sığortalanmaq üçün hamiləliyə düzgün hazırlaşmaq, hamiləliyin ilk günlərindən etibarən qadın məsləhətxanasında qeydiyyata düşmək lazımdır. Bu zaman qadın hamiləliyin bütün dövrü ərzində ixtisaslı həkimlər tərəfindən nəzarətdə olacaq və lazımi müayinələrdən keçəcək.