Qaxda məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verilib

Qaxda məişət tullantılarının idarə olunması poliqonu  istifadəyə verilib. APA TV-nin  məlumatına görə, yeni istifadəyə verilən müəssisənin sahəsi 2 hektar ərazini əhatə edir. Ərazidə 2000 ədəd ağacdan ibarət yaşıllıq zolağı da salınıb,  300 kvadratmetrdən ibarət 2 ədəd poliqon tikilib. Yanma kamerası və yanmış tullantı üçün  600 kub metrlik katlovan qazılıb. Layihənin texnoloji ardıcıllığına görə, ilk öncə şəhər ərazisindən toplanılan məişət tullantıları poliqona gətirilir.Poliqonun birinci bunkerində zibillər çeşidlənərək ayrılır. Sonda qalan lazımsız tullantılar yanma kamerasına ötürülür,faydalı tullantılar isə tədarük məntəqələrinə göndərilmək üçün toplanılır. Müəssisənin bir dəfəyə 30 ton məişət tullantısını qəbul etmək imkanı var.

 

Yeni müəssənin açılış mərasimində Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Tsuquo Takaşahi və müvafiq təşkilat nümayəndələri iştirak edib.

 

Qeyd edək ki, poliqon Yaponiya Səfirliyinin maliyyə dəstəyi hesabına,  Yaponiya hökumətinin  “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində  “Qax rayonunda tullantıların idarə olunması” layihəsi əsasında tikilib. Poliqonun tikintisinə ötən ilin sonlarında başlanılıb. Layihənin dəyəri isə 96.175 ABŞ dollar olub.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov