"VAZ-2107" dəmir arakəsmələrə çırpıldı, sürücünün sıxılmış meyiti avtomobildən çıxarıldı

Gecə saat 03.00 radələrində Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Abşeron rayonu ərazisində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil yol ayrıcındakı dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində avtomobil ciddi deformasiyaya uğrayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü, 34 yaşlı Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Xilasedicilər sürücünün meyitini deformasiyaya uğramış avtomobildən çıxarıblar.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Sumqayıtdan Bakıya doğru hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşını əsas və köməkçi yolları ayıran dəmir arakəsməyə vurub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv