Slavyanskda ölənlərin sayı artır

Ukrayna ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı Slavyansk şəhəri yaxınlığındakı Semyonovka qəsəbəsində ölən və yaralanlar olub. İlkin məlumata görə, hökumət qoşunlarından 4 nəfər ölüb, 30-a yaxın əsgər yaralanıb. Separatçılardan isə 3 nəfər ölüb, 30-dan çox yaralı var. Lakin Rusiya mənbələri separatçılara istinadən onların 30-dan çox adam itirdiyi barədə məlumatlar yayılar. Bu məlumat rəsmən təsdiqlənməyib.

 

Döyüş getdiyi ərazidə vətəndaşlara məxsus bir neçə maşının yandığı, mülki şəxslərin isə hadisədən şok yaşadığı bildirilir.

 

APA TV-nin xəbərinə görə, döyüş meydanına çevrilən Semyonovka qəsəbəsində Ahıska türkləri də məskunlaşıb. Ahıska türklərinin "Vətən" cəmiyyətinin Donetsk nümayəndəliyinin məlumatına görə, qəsəbədə 150-yə yaxın Ahıska türkü yaşayır. Atışma nəticəsində onların evlərinə ziyan dəyib, heyvanları tələf olub.

Bu arada Ukraynanın Müdafiə Nazirliyi separatçılar tərəfindən Ukrayna ordusuna məxsus Mİ-24 hərbi helikopterinin vurulduğu barədə məlumat yayıb. Pilotlar sağ qalıblar.

Separatçılar Slavyansk şəhərinin girişində və şəhərin əsas küçələrində barrikadaları möhkəmləndirirlər. Slavyanskda ictimai nəqliyyat işləmir, idarələr və bankların böyük əksəriyyəti bağlıdır. Orta məktəblərdə dərslər dayandırılıb.

 

Semyonovka qəsəbəsində yaralanan separatçıların əksəriyyəti Slavyanskdakı xəstəxanalara aparılıb. Şəhərin mərkəzi xəstəxanası əhaliyə müraciət edərək, qana, dərman və tibb ləvazimatlarına ehtiyac olduğunu açıqlayıb. 

Müəllif | Apa.Tv